Oktyabrın 9-da Dövlət Turizm Agentliyi media nümayəndələri üçün “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib. Mediaturda prioritet məsələ “Xınalıq və Köç yolu” mədəni landşaftının ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə tanışlıq olub.
Səfər zamanı Xınalığın əsas mədəni irs dəyər atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası istiqamətində DTA tərəfindən görülən işlər, o cümlədən kənd ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat verilib.
Agentliyin Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi Elşən Ağalarov Oxu.Az-a açıqlamasında bildirib ki, əhalinin güzəranını yaxşılaşdırmaq və kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılır:
“Bu istiqamətdə 41 ev tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib. Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır”.
O, görülən işlər zamanı qarşılaşdıqları çətinliklərdən danışıb:
“Məsələn, iki qonşunun evinin bir divarı var. Üstəlik, hava şəraiti bizə çətinlik yaradır. Bir də logistika problemlərimiz çoxdur. Bu da bizə ilin yalnız beş ayı işləməyə imkan verir”.
“Lakin ən əsas məqam budur ki, ev sakinləri özləri bu prosesdə iştirak edirlər. Yəni öz evlərini özləri təmir edirlər, əvəzinə onlara ödəniş olunur. Kənardan mütəxəssislər istisna olmaqla, işçi qüvvəsi cəlb olunmur”, – deyə şöbə rəisi əlavə edib.
Xınalıq kənd sakini Məzahir Məlikov da Oxu.Az-a açıqlamasında kənddəki evlərin əvvəlki vəziyyətinə uyğun təmir olunduğunu deyib:
“Mən öz evimi övladlarımla birgə, həm də ödənişli işçi qüvvəsi kimi işləyib təmir etmişəm. Ümumiyyətlə, buradakı təmir-bərpa prosesinə işçi qüvvəsi olaraq kənd sakinləri cəlb olunurlar. Çünki bu evləri ənənəsinə və arxitekturasına uyğun necə təmir etmək lazım olduğunu kənd camaatı daha yaxşı bilir. Ona görə də kimin ki bacarığı, əl qabiliyyəti var, onlar bu işlərdə iştirak edirlər”.
Xınalıq kəndindəki evlər, əsasən, iki mərtəbədən ibarət olduğu üçün ümumilikdə ev üzrə təmir-bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kvadratmetrdən çox ərazini əhatə edir. İşlərin aparılmasında əsas çətinlik Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olmasındadır, buradakı hava şəraiti ilin yalnız beş ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verir.
DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin Layihələrin idarəedilməsi şöbəsinin böyük mütəxəssisi Elçin Kərimov Oxu.Az-a açıqlamasında bu prosesdəki əsas xüsusiyyətlərin Xınalıq evinin ənənəvi etimologiyası ilə bağlı olduğunu deyib:
“Xınalıqda evlər belə tikilib ki, evin ilk mərtəbəsi heyvanlar üçün tövlə, yuxarı mərtəbəsi isə insanlar üçün yaşayış yeri olub. Bu da istilik problemi ilə bağlı idi. Çünki ərazi dağlıqdır, maksimum izolyasiya tələb olunur və sakinlər o zaman bunun çarəsini belə tapıblar ki, heyvanların aşağıda yaşaması onların istiliyini avtomatik olaraq yuxarı verir və problem aradan qalxır. Bundan sonrakı bərpa işlərində də bu məqam nəzərə alınır”.
“Xarabalıq evlərin bərpasında isə əsas istinad nöqtəsi UNESCO-nun tələb etdiyi təlimat kitabına uyğun olaraq həyata keçirilir. Bu kitabı iki il əvvəl hazırlayıb təqdim etmişik. Elmi-bərpa metodologiyasına əsaslanaraq, Xınalıq evinin konstruktiv xüsusiyyətlərini öyrənmişik və bunun əsasında həmin təlimat kitabını yazmışıq. Bu çərçivə sənədinə əsasən tikinti işləri aparılır”, – deyə Kərimov vurğulayıb.
O, “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğunun ümumdünya irs siyahısına salınmasından danışıb:
“Qoruq ümumdünya irs siyahısına iki kriteriya ilə, daha doğrusu, üçüncü və beşinci kriteriya ilə əlavə edilib. Həmin kriteriyalar buradakı həyat tərzinin qorunması ilə bağlıdır. Belə ki, bu həyat tərzinin ortaya çıxardığı bəzi maddi-mədəni abidələr var ki, bunlar sakinlərin evləri, inanc yerləri, köç yolunda yerləşən ziyarətgahlar, qəbiristanlıqlar, eləcə də yalnız Xınalıq kəndi deyil, ətraf dağlarda yerləşən yaylaq yerləridir ki, bütün bunları nəzərə alaraq, UNESCO-nun ümumdünya irs siyahısına daxil etdik və bu qorunmaya əsasən də burada ancaq yerli icmalar işlərlə məşğul ola bilərlər”.
Təbii ki, Xınalıq deyəndə ağla ilk növbədə özünəməxsus unikal memarlıq görkəmi, dini-mədəni abidələri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələri olan qədim yaşayış məskəni gəlir. Əbəs deyil ki, artıq dünyanın hər yerindən turistlər gəlir, əfsanəvi tarixi ilə özündən söz etdirməyi bacaran Xınalıqla tanış olmaq istəyirlər.
Oxu.Az-a Xınalığın tarixindən və milli-mədəni abidələrindən danışın kəndin dini ayinlərinin icraçısı Yusif Şabanov deyib ki, bu gün Xınalıq kəndi dövlət səviyyəsində qorunur və hər hansı bir çətinlik olduğu halda qüsurları aradan qaldırmaq üçün buna dərhal reaksiya verilir:
“Xınalıqda 2009-cu ilə qədər 14 məscid var idi. İndi beş məscid var ki, onlardan da ikisi fəaliyyətdir. Digər məscidlər isə təmirdədir”.
“Ancaq Xınalığın tarixinə nəzər salanda burada digər dinin mənsublarının da yaşadığını görə bilərik. Çünki Xınalığın yaşı beş min ildən çoxdur və ərazi islamlaşmamışdan əvvəl də burada yaşayan insanlar olub. Onların da öz inancı, dini məbədləri olub. Hazırda Xınalıqda 30-a yaxın ziyarətgah, bir də “Atəşgah” məbədi var. “Atəşgah” xarici qonaqların ən çox üz tutduğu məkanlardan biridir. Dünyanın bütün ölkələrindən buraya turist axını var”, – müsahibimiz vurğulayıb.
O, Xınalıq dilinin mövcud durumundan da danışıb:
“Hazırda Xınalıq dili məktəblərimizdə tədris olunur ki, yoxa çıxmasın. Çünki bu dildə danışanların sayı o qədər də çox deyil. Yəni özümüz də, dövlətimiz də dilimizi qoruyub-saxlayırıq. Amma bütün bunlara baxmayaraq, yenə də Xınalıq dilinin 40 faizi artıq itib. Ümumilikdə isə 3 500-4 000-ə yaxın insan Xınalıq dilində danışır”.
Əlbəttə ki, 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biridir. Bir sözlə, ecazkarlığı ilə seçilən Xınalıq dünyada tayı-bərabəri olmayan bir dəyərdir. Məşhur xınalıqlı şair Rəhim Alxasın da vəsf etdiyi kimi:
“Bahar çağı Xınalığım
Girən zaman dondan-dona
Dəyişmərəm bir kəndimi
Yüz Parisə, min Londona”.
Mərahim Nəsib