Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərin həyatını təhlükəyə atan şəxs yol polisi tərəfindən saxlanılıb.
Bu barədə hadisə yerindən Oxu.Az-a videogörüntü təqdim olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq, digər hərəkət iştirakçılarının sağlamlığı üçün real təhlükə yaradan, təhlükəli manevrlər edən, əvvəllər dəfələrlə məhkum olunmuş, narkotik vasitənin təsiri altında olan sürücü Şahin Abdullayev saxlanılıb.
“Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonu ərazisində “Hyundai” markalı 77-HE-611 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə yol hərəkəti qaydasını pozduğu üçün Yol Patrul Xidməti (YPX) tərəfindən “Saxla!” işarəsi verilsə də, sürücü buna məhəl qoymayaraq, hərəkətini davam etdirib.
Sürücü Şahin Abdullayev saxlanılan zaman üzərində olan kəsici alətlə özünə xəsarət yetirməyə çalışsa da, DYP əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb və həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Əlavə olaraq qeyd edim ki, nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobildən narkotik vasitə də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
Əzizə İsmayılova