Oktyabrın 11-də Milli Məclisin deputatı Heydər Əsədov Şirvan şəhərinin bir sıra məhəllələrində vətəndaşlarla görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, deputat görüş zamanı vətəndaşların arzu, istək və təkliflərini dinləyib.
Millət vəkili şəxsi təşəbbüsü ilə inşa edilmiş söhbətgahın açılışında iştirak edib. Həmçinin, əhalinin istəyi ilə mərasim evi üçün lazım olan əşyalar alınıb.
Səfər çərçivəsində millət vəkili bir neçə şəhid ailəsini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb. Bir sıra tələbələrin təhsil xərclərinin ödənilməsini təmin edib.
Deputat bəzi problemlərin, xüsusilə də məişət xarakterli məsələlərin həlli üçün şəxsi dəstəyini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Daha sonra millət vəkili YAP-ın Şirvan şəhər təşkilatının inzibati binasında Rayon İcra Hakimiyyəti başçısı müavininin iştirakı ilə vətəndaş qəbulu keçirib.
Qəbul zamanı millət vəkili Heydər Əsədov vətəndaşların problemlərini dinləyərək, onları narahat edən müxtəlif xarakterli məsələlərlə tanış olub. Onların diqqətlə araşdırılacağını, həlli yollarının tapılması üçün nəzarətdə saxlanılacağını, həmçinin problemlərin aidiyyəti qurumlara çatdırılacağını vurğulayıb. Görüş çərçivəsində, həmçinin bir sıra aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün maddi yardımlar edilib.