Ruanda əhalinin sağlamlığı üçün ciddi təhlükə ilə – ölümcül virus xəstəliyi olan Marburq qızdırmasının yayılması ilə üzləşib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.
Bildirilir ki, artıq ölkədə 58 yoluxma qeydə alınıb ki, bunlardan 13-ü ölümlə nəticələnib. Ölüm əmsalı 22% təşkil edir ki, bu da yüksək göstərici hesab olunur.
Qeyd edilir ki, ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərində aşkar edilən xəstəlik Ebola virusuna yaxındır. O, yarasalardan insanlara keçir, sonra isə yoluxmuş şəxslərin bədən mayeləri və ya çirklənmiş materiallarla birbaşa təmas nəticəsində insanlar arasında yayılır.
Artıq 15 nəfər yoluxmadan sağalsa da, vəziyyət son dərəcə gərgin olaraq qalır. Yoluxmuş şəxslərlə təmasda olan 700-dən çox insan tibb işçilərinin ciddi nəzarəti altındadır.
Vəziyyətin ciddiliyini nəzərə alaraq ÜST yayılmanı fövqəladə vəziyyətin 3-cü səviyyəsi (ən yüksək daxili səviyyə) kimi təsnif edib. Təşkilat virusun yayılması ilə mübarizə və xəstələrin müalicəsində yerli tibb müəssisələrinə dəstək üçün Ruandaya sürətli reaksiya qrupu göndərib.