Səhv qan köçürülməsi gənc ananı komaya saldı – İDDİA

Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan 21 yaşlı Təhminə Quliyeva ilk övladını dünyaya gətirərkən həkim səhvi nəticəsində komaya düşüb.

Belə bir iddia ilə Oxu.Az-a onun həyat yoldaşı Elməddin Quliyev müraciət edib.

O bildirib ki, oktyabrın 9-da dünyaya gələn qız övladı əməliyyat yolu ilə doğulduğundan qan köçürülməsinə ehtiyac yaranıb. Lakin həkimlər qan qrupunu səhv müəyyənləşdirərək gənc qadına “+2” əvəzinə “+3” qan qrupu köçürüblər.

“Yoldaşımın 20 yaşı var. Ayın 9-da birinci övladımız dünyaya gəlib – qızımız olub. Uşağı əməliyyatla götürüblər deyə qan lazım olub. Qanı isə düz köçürməyiblər. Həkim deyib ki, qanında zəhərlənmə olub. Bakıdan həkim çağırılıb. Dörd gündür ki, komadadır. Bakıya aparmaq istədilər, amma vəziyyətinə görə mümkün olmadı”, – deyə şikayətçi bildirib.

Müraciətlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, 8 oktyabr 2024-cü il tarixdə, saat 13:30-da 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə hospitalizasiya olunub.

“Pasiyentə 40 həftə 4 günlük hamiləlik, döl başının yüksək duruşu, anemiya diaqnozu təyin edilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Əməliyyatdan sonra xəstəyə hemotransfuziya olunub. Xəstədə allergik reaksiya müşahidə olunduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi reanimasiyada davam etdirilir. Hemodinamik göstəriciləri stabildir.

Pasiyentin yaxınlarının iddiası TƏBİB-in aidiyyəti komissiyası tərəfindən ətraflı araşdırılacaq”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More