Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ vətəndaşlarını öldürən miqrantları edam cəzasına məhkum etməyə çağırıb.
Oxu.Az-ın NBC-yə istinadən məlumatına görə, o, bu barədə Nevada ştatının Rino şəhərində çıxışı zamanı bəyan edib.
“Mən amerikalı vətəndaşı və ya hüquq-mühafizə orqanı əməkdaşını öldürən hər hansı miqrantın ölüm cəzasına məhkum olunmasını tələb edirəm”, – deyə Tramp bildirib.
Sabiq prezident Kolorado ştatının Aurora şəhərində keçirdiyi mitinqdə də eyni təklifi irəli sürüb. O, “qanunsuz miqrantlar tərəfindən ələ keçirilmiş və işğal edilmiş” kimi xarakterizə etdiyi şəhəri “xilas edəcəyini” bildirib.
Qeyd edək ki, D.Tramp bir müddət əvvəl prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ Ədliyyə Nazirliyinin ölüm cəzasına qoyduğu moratoriumu ləğv edəcəyini bildirib.
D.Tramp miqrantlara qarşı sərt ritorikası ilə tanınır, o, ABŞ-dəkı miqrantları amerikalıların həyatı və təhlükəsizliyi üçün təhdid hesab edir. Belə ki, sentyabrda o, digər namizəd Kamala Harrislə debat zamanı Ohayo ştatının Sprinqfild şəhərindəki miqrantları yerli vətəndaşların ev heyvanlarını yeməkdə ittiham edib. Daha sonra o, bu şəhərdən bununla məşğul olan haitililərin kütləvi şəkildə deportasiya edildiyini bildirib. Oktyabrda ABŞ-nin keçmiş prezidenti bəyan edib ki, ölkəyə gələn miqrantların çoxu cinayətkardır, onlar özləri ilə “pis genlər” gətiriblər və indi bu onların qanındadır.