Fələstinin HƏMAS hərəkatı 2022-ci ilin payızında İsrailə hücum etmək istəyirdi, lakin İran və “Hizbullah” hərəkatının dəstəyini almaq üçün planlarını təxirə saldı.
Oxu.Az xəbər verir ki, bu barədə “The New York Times” İsrail hərbçiləri tərəfindən ələ keçirilən HƏMAS rəhbərliyinin görüşlərinin protokollarına istinad edir.
Nəşrin məlumatına görə, sənədlər yanvar ayında hərəkatın Xan Yunisdəki yeraltı komandanlıq mərkəzində tapılıb. Orada HƏMAS rəhbərliyinin 10 görüşünün protokolları var ki, bu da 2021-ci ildən bəri İsrailli səlahiyyətlilərin sayıqlığını azaltmaq və daha sonra “sürpriz etmək” üçün hərəkatın qəsdən böyük qarşıdurmalara getmədiyini göstərir.
Bundan əlavə, qəzet iddia edir ki, HƏMAS İran rəsmilərindən, eləcə də “Hizbullah”dan hücum zamanı İsrail hədəflərini vurmağı xahiş edib. “The New York Times” bildirir ki, İran hakimiyyəti və “Hizbullah” HƏMAS-ın planını prinsipcə dəstəklədiklərini, lakin hazırlıq üçün daha çox vaxt istədiklərini deyib.
Nəşr qeyd edir ki, HƏMAS-ın hücum qərarına İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına mane olmaq istəyi təsir edib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS tərəfdarlarının İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 250 nəfərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq, İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, buranı, Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb. Bundan sonra anklavda quru əməliyyatına başlanıb.