Böyük Britaniya Gürcüstan hökuməti ilə apardığı “Uordrop Strateji Dialoqu”nu dondurduğunu açıqlayıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord məlumat verib.
“Biz, həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksəksəviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, – deyə britaniyalı səfir Qarret Uord vurğulayıb.
Xatırladaq ki, ötən həftə də Avropa Parlamentinin üzvləri Gürcüstanın demokratiyadan geri çəkildiyini əsas gətirərək Tbilisiyə Avropadan ayrılan maliyyənin dondurulmasını tələb edən qətnamə qəbul ediblər.
Sənəddə bildirilir ki, Gürcüstanın yeni qanunları, ölkənin seçki qanunlarına edilən dəyişikliklər və artan anti-Avropa ritorikası ilə birlikdə, söz azadlığını pozur, mediaya senzura qoyur, vətəndaş cəmiyyəti və QHT sektorunda tənqidi fikirlərə məhdudiyyətlər qoyur və həssas təbəqəyə qarşı ayrı-seçkilik edir.