Füzulidə “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi olub

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında “Mingəçevir Reqatası-2024″ün rəsmi açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi olan Emin Hüseynov işğaldan azad olunmuş Füzulidə bu cür tədbirinin baş tutmasının tarixi hadisə olduğunu bildirib. O, işğal dövründə şəhərin yaxşı vəziyyətdə olmadığını söyləyib. Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə abadlıq işləri görülüb. O, yarışın təşkil edildiyi Aşağı Köndələnçay su anbarının ümummilli lider Heydər Əliyev tərəfindən inşa edildiyini vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov yarışın əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzulayıb. Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Turnirin birinci günündə Azərbaycan avarçəkənləri iki qızıl, üç gümüş və dörd bürünc medal qazanıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More