İsrail ordusuna (SAXAL) məxsus tank BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) mövqelərinə atəş açıb.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə missiyanın saytında məlumat verilib.
“Bu səhər Kafr Kela yaxınlığında sülhməramlılar onların müşahidə qülləsinə atəş açan SAXAL-ın “Merkava” tankını görüblər”, – məlumatda bildirilir.
Qeyd olunur ki, atəş nəticəsində iki kamera sıradan çıxıb, qüllə zədələnib.
Missiya, həmçinin mövqelərin dəfələrlə atəşə tutulduğunu bildirib.
“Biz SAXAL-a və bütün şəxslərə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək, eləcə də BMT-nin obyektlərinin toxunulmazlığına hər zaman riayət etmək öhdəliklərini xatırladırıq”, – bəyanatda qeyd olunub.