Piyadanı vuraraq öldürən şəxs: “Qəzadan əvvəl ayı ödü yemişdim, ola bilsin spirtli olub”

Bu il aprelin 11-də Masallıda baş vermiş ağır qəzaya görə açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Hişkədərə kənd sakini 1985-ci il təvəllüdlü T.Dadaşov Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi ilə təqsirli bilinib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə T.Dadaşov sürücülük vəsiqəsini Rusiyada aldığını, ancaq Azərbaycanda təsdiqlətdirmədiyini bildirib.

O, piyada Şirəli Əliyevin öldüyü hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, lakin həmin gün ayı ödü yediyini deyib:

“Uşağın istədiyi çips bizə yaxın mağazada olmadığı üçün VAZ-2109 avtomobili ilə başqasına getdik. Avtomobildə qızımdan başqa heç kim yox idi. Sərxoş olub-olmadığımı həkim yoxlayıb. Qəzanın baş verdiyi gün ayı ödü yemişdim. Ödün tərkibində, ola bilsin ki, spirt olub, ancaq məni sərxoş edəcək dərəcədə ola bilməzdi. Rusiyadan Azərbaycana bir il olar, gəlmişəm. Mərhum Şirəlini uşaqlıqdan tanıyırdım, onunla münasibətim yaxşı olub. Hadisə günü, yəni aprelin 11-də spirtli içki qəbul etməmişdim. Ayı ödü rəhmətlik atamdan qalmışdı”.

Mərhum Ş.Əliyevin həyat yoldaşı məhkəmədə T.Dadaşova qarşı 100 min manatlıq mülki iddia qaldırıb.

Məhkəmə təqsirləndirilən sürücüyə 5 il 6 ay həbs cəzası verib. Onun sürücülük hüququ da əlavə olaraq 4 il 6 ay müddətə məhdudlaşdırılıb.

Bundan başqa, mülki iddia qismən təmin edilib. Dəfndə çəkilmiş xərclər daxil olmaqla, vurduğu maddi ziyana görə 6000, mənəvi ziyana görə 3000 manat məbləğin T.Dadaşovdan tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ayı ödü bir çox şəxslər tərəfindən tibbi məqsədlərlə qida əlavəsi kimi qəbul olunur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More