Ermənistanda özünü öldürən əsgər Aqasi Dallakyanın taqım komandiri və xidmət yoldaşı onu intihara sövq etməkdə ittiham olunaraq həbs ediliblər.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Dallakyan oktyabrın 13-də saat 09:30-da Ermənistanın cənubundakı hərbi hissələrdən birinin ərazisində çənəsindən güllə yarası ilə ölü tapılıb. Sonradan onun intihar etdiyi müəyyən olunub.
İstintaq zamanı taqım komandiri olan leytenant rütbəli şəxsin əsgərlərdən biri ilə birlikdə döyüş növbətçiliyinin qaydalarını pozduğu öyrənilib. Onlar silahla mövqelərini tərk edərək Dallakyanın növbə çəkdiyi yerə keçiblər və onu təhqir ediblər. Depressiv vəziyyətdə olan əsgər avtomatdan çənəsinə atəş açıb.
Toplanmış faktlar əsasında leytenant və sıravi əsgər barəsində cinayət işi açılıb, onlar həbs olunublar. İstintaq davam edir.