İsveçrə və ABŞ-dən olan beynəlxalq alimlər qrupu təyyarədən almaz tozunun atmosferə atılmasının Yer kürəsini soyuda biləcəyinə dair sübutlar tapıblar.
Oxu.Az xəbər verir ki, tədqiqat “Geophysical Research Letters” elmi jurnalında dərc olunub.
Komanda iqlim tənzimlənməsi üçün hansı materialın ən uyğun olduğunu anlamaq üçün 3D model qurub. Proqram həmçinin müxtəlif aerozolların, məsələn, işıq və istiliyin əks olunması kimi təsirləri nəzərə alıb.
Tədqiqatçılar daha sonra yeddi maddənin: kalsit, almaz, alüminium, silisium karbid, rutil, kükürd dioksidi və anataza (titan dioksidin variasiyası) hissəciklərinin səpilməsinin Yerə təsirini simulyasiya ediblər.
Nəticələr, almaz tozunun ən çox işığı və istiliyi əks etdirəcəyini göstərib. Bundan əlavə, almaz hissəcikləri bir-birinə yapışmadan xeyli müddət ərzində havada qala biləcək.
Alimlər qeyd ediblər ki, almaz kimyəvi cəhətdən inertdir, ona görə də o, atmosferdəki digər birləşmələrlə reaksiya verməyəcək və turşu yağışlarına səbəb olmayacaq (kükürd dioksiddən fərqli olaraq).
Modelə görə, 5 milyon ton sintetik almaz tozunun atmosferə səpilməsi 45 il ərzində Yeri 1,6°C soyudacaq. Lakin belə bir layihənin dəyəri təxminən 200 trilyon dollar olacaq.