Azadlıq şairi Xəlil Rza Ulutürkün doğum günüdür

Oktyabrın 21-i şair, tənqidçi, ədəbiyyatşünas Xəlil Rza Ulutürkün doğum günüdür.

Oxu.Az xatırladır ki, o, 1932-ci ildə Salyan rayonunda anadan olub.

Xəlil Rza Ulutürk 2 saylı şəhər orta məktəbində təhsil alıb, Salyan Şəhər Kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olub.

1948-ci ildə “Abşeron” adlı ilk şeirini yazıb.

1949-54-cü illərdə Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsil alıb.

1950-60-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləyib. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında başlayıb.

1955-57-ci illərdə burada ədəbi işçi vəzifəsində çalışdığı zaman çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib.

Onun ilk şeirlər toplusu – “Bahar gəlir” 1957-ci ildə nəşr olunub.

1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərib.

1959-cu ildə Bakıya qayıdan şair bundan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-50)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Daha sonra onu institutda müəllim kimi saxlayıblar. Auditoriyaya müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmayıb, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli-bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açıb.

1986-cı ildə ona Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatının genişləndiyi dövrdə Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi.

1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.

Xəlil Rza 1990-cı il yanvarın 29-dək – 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsləri ilə çap etdirib.

1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb.

1991-ci il mayın 6-da Xəlil Rza “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra, 1992-ci ildə ona “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adı verilir.

Dahi şair 1994-cü il iyunun 22-də vəfat edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More