Binanın dördüncü mərtəbəsindən yıxılan və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunan azyaşlının həyatı xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, yıxılan anadangəlmə serebral iflici olan 14 yaşlı vətəndaş təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən ağır müştərək travma, kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, ağciyərlərin əzilməsi, dalağın partlaması, çanaq sümüklərinin çoxsaylı yerdəyişən sınığı, lll dərəcəli travmatik şok diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Xəstəyə dərhal zəruri ilkin tibbi yardım göstərilib, müayinələrdən keçirilib və təcili əməliyyata alınıb.
Xəstə üzərində splenektomiya (dalağın cərrahi yolla çıxarılması), sağ döş qəfəsinin Bilau üsulu ilə drenajı icra edilib, xəstə Reanimasiya şöbəsinə yerləşdirilib.
12 gün şöbədə müalicə alan xəstənin vəziyyəti stabilləşib və Uşaq Cərrahiyyəsi şöbəsinə köçürülüb.
Hazırda azyaşlının vəziyyəti stabildir, stasionar müalicələri davam etdirilir.