“Edilən hər bir xəyanətin, hər bir pisliyin əvəzi ödənilir, sabaha qalmır. Dünya FETÖ başçısına belə qalmadı”.
Oxu.Az-ın “Haber7″yə istinadla verdiyi məlumata görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisində (TBMM) Ankara tərəfindən terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülənin ölümü ilə bağlı şərhində deyib.
O, Gülənin öz torpaqlarında başqa ölkələr üçün casusluq etdiyini xatırladaraq, bunun üçün Allaha hesab verəcəyini bildirib.
“Diləyim Allahın əzabı ilə məhv olması, xəyanətinin, münafiq əməllərə xidmətinin əvəzini bir-bir ödəməsi, cəhənnəmdə əbədi yanmasıdır. Bu terroristin Türkiyədə dəfn ediləcək bir torpağı yoxdur. Harada Türkiyə düşmənliyi edibsə, orada da çürüyüb getməlidir. Qulun hesabı varsa, Allahın da bir hesabı var. Allah ləngiməz, sadəcə möhlət verər”, – deyə Bağçalı sözlərini yekunlaşdırıb.
Dövlət Bağçalı: “Fətullah Gülənə Türkiyədə basdırılması üçün yer yoxdur”
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik də bildirib ki, Gülən üçün dəfnə yer tapılmayacaq.
“Bu terrorbaşı, xəyanət və qətllər şəbəkəsinin memarı suverenliyimizi qəsb etmək məqsədilə istifadə olundu. Belə xainlərə istifadə edildikdən sonra dəfn etmək üçün yer tapılmır. O, vətəndaşlığı olmayan bir insan kimi öldü”, – deyə Çelik bildirib.