Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, intensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaransa da, gücləndirilmiş iş rejimində çalışan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib.
Qəza ehtimalı yüksək olan yol sahələrində fasiləsiz xidmət aparılıb, yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb.