Həbsdəki keçmiş generalın pensiya DAVASI – Mövlam Şixəliyev nə istəyir?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin həbsdə olan sabiq rəisi Mövlam Şixəliyev pensiyasından narazıdır.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı keçmiş general əvvəlcə Bakı İnzibati Məhkəməsinə üz tutub. O, iddiasında təqaüdünün az olmasından şikayətlənib və artırılmasını istəyib. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini təmin etməyib.

Qərarla razılaşmayan Mövlam Şixəliyev bu dəfə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun şikayətinə hakim Şərafət Məmmədova baxacaq.

İş üzrə cavabdeh şəxs isə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır.

Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə almaqda təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum ediliblər.

M.Şixəliyev general rütbəsindən məhrum edilib, əmlakları dövlət nəfinə alınıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More