Baku TV-də Vətən müharibəsi şəhidi Murad Nağıyev haqqında reportaj yayımlanıb.
44 günlük Vətən müharibəsi zamanı şəhid olan tank komandiri Murad Nağıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin anası Xavər Məhəmmədi oğlu ilə bağlı xatirələrindən bəhs edərkən bildirib ki, Murad bağçada və məktəbdə nümunəvi şagird idi:
“Biz Bakıya gələndə Murad 10 aylıq idi. 9-cu mərtəbədə yaşayırdıq. Yağışlı bir gündə birdən gördüm ki, Murad yoxdur. Onu axtaranda həyətdə gölməçədə oynayarkən tapdıq. 10 aylıq uşaq doqquzmərtəbəni necə düşmüşdü. Elə o vaxtdan mənim balam qəhrəman imiş”.
Şəhidin anası, oğlunun hərbini onun istəyi ilə seçdiyini deyib:
“Bir gün rayondan gələndə formada bir uşaq gördüm. Həmin vaxt Murad da yanımda idi. Dedim ki, bu uşağa forma nə qəşəng yaraşır. Sən demə, o vaxtdan Murad bunu beyninə qoyubmuş. Sonradan dedi ki, hərbiyə getmək həm öz istəyi, həm də mənim arzum idi. Mən o formanı bəyənmişdim deyə bu sahəni seçmişdi”.
Xavər Məhəmmədinin sözlərinə görə, oğlu hər zaman şəhid olacağını söyləyirdi:
“Axırıncı dəfə biz söhbət edəndə yenə dedi ki, şəhid olacağam. Mən də üstünə qışqırdım. Dedim ki, niyə elə deyirsən? Gülə-gülə dedi ki, sonum şəhidlikdir. Bu cür oğullar vermişik, görün, bu 4 ildə nələr çəkirik, o həsrətə necə dayanırıq. Halbuki 5 dəqiqə mən Muradsız dayana bilmirdim. Sevdiyi var idi, bu gün də yanımızdadır. Ürəyimdə qalan odur ki, kaş ailəsi olardı”.
Ətraflı süjetdə:
Şəhid tank komandiri Murad Nağıyevin anası: “Oğlum bir yaşından qəhrəman idi”