“Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən bina yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılmasına ehtiyacı olan abidələr sırasındadır”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
O qeyd edib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış binaları olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir:
“Sözügedən memarlıq abidəsində də təmir-bərpa işlərinin aparılmasına icazə verilməsi ilə bağlı Dövlət Xidmətinə Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC tərəfindən müraciət ünvanlanıb.
Təqdim edilən layihədə memarlıq abidəsinin bədii-estetik görkəminin və dayanıqlığının təmin edilməsi ilə bağlı uyğunsuzluq olduğundan düzəlişlərin edilməsi üçün qarşı tərəfə göndərilib. Hazırda həmin layihənin qanunvericilik çərçivəsində razılaşdırılması istiqamətində tədbirlər görülür”.
Məhərrəm Əliyev
Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4B ünvanında yerləşən binanın balkonu uçub.
Bu barədə məlumatı sakinlər Oxu.Az-a göndəriblər.
Balkonu uçan binanın tarixi tikili olduğu iddia edilir.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.
Məhərrəm Əliyev