Ölkə ərazisində bir neçə gün hökm sürən qeyri-sabit hava şəraiti, xüsusilə də aramsız yağan yağış piyadaların təhlükəsizliyinə ciddi təhdid yaradıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təkcə havanın yağıntılı olduğu üç gün ərzində piyadavurma ilə bağlı respublikamızın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə beş nəfər həyatını itirib, altı nəfər isə xəsarət alıb.
BDYPİ rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu cür ağır hadisələrin baş verməsinin əsas səbəblərindən biri də sutkanın qaranlıq saatlarında insanların sürücülərin görməsini çətinləşdirən və heç bir işıqqaytarıcı xüsusiyyəti olmayan qara rəngli geyimlərə üstünlük verməsidir.
Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı, yəni saat 18:30-23:00 aralığında qeydə alınması da bunu deməyə əsas verir:
“Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, xüsusən də yağışlı və çiskinli günlərdə, həm piyadalar, həm də sürücülər üçün bir sıra çətinliklər yaradır.
Belə ki, bir neçə gün aramsız yağan yağış səbəbindən yollarda sürüşkənliyin artması, görünmə məsafəsinin məhdudlaşması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşmür.
Təhlillər göstərir ki, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl olunmaması, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə və üzərində işıqqaytarıcı elementləri olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.
Bununla yanaşı, səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud yağmurlu havalarda intizamsız sürücülərin məsuliyyətsiz davranışı da piyadalar üçün ciddi çətinliklər yaradır”.
“Baş Dövlət Yol Polisi İdarəsi olaraq bir daha piyadalarımızı sutkanın qaranlıq saatlarında və xüsusən də qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırırıq”, – deyə M.Ağayev vurğulayıb.
Əzizə İsmayılova