Brüssel artıq uzun illərdir ki, qışdan yaya və geriyə müntəzəm vaxt dəyişikliyinə son qoyacağına söz verir. Avropa Parlamentinin 66 üzvü bu vədi nəhayət yerinə yetirmək üçün Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə tələb göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
“Tədqiqatlar göstərir ki, vaxt dəyişiklikləri yuxu rejiminə mənfi təsir göstərir, infarkt və insult riskini artırır və yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb ola bilir. Enerjiyə qənaət gözləntiləri heç də özünü doğrultmayıb”, – deputatların məktubunda qeyd olunub.
Qeyd edək ki, 2018-ci ildə aparılan sorğu göstərib ki, Aİ vətəndaşlarının 84%-i vaxt dəyişikliyindən bezib. Avropa Parlamenti ləğvetmənin lehinə səs verib və Aİ-nin o zamankı rəhbəri Jan-Klod Yunker bu qərarı həyata keçirəcəyinə söz vermişdi.