Xalq artisti, opera ifaçısı, Prezident təqaüdçüsü Şahlar Quliyev vəfat edib.
Oxu.Az bildirir ki, bu barədə onun oğlu, aktyor Nofəl Şahlaroğlu “Instagram” hesabında məlumat verib.
“Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…” – aktyor yazıb.
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.
Aparıcı səhnə ustası – yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. “Leyli və Məcnun”da “Nofəl”, “Şah İsmayıl”da “Aslan şah”, “Aşıq Qərib”də “Şahvələd”, “Sevil”də “Atakişi”, “Arşin mal alan”da “Süleyman”, “Gəlin qayası”nda “Xan”, “Koroğlu”da “Həsən xan”, “Aida”da “Amonasro”, “Riqoletto”da “Monterone”, “Toska”da “Skarpia”, “Karmen”də “Eskamilio”, “Payatsı”da “Tonio”, “Bohema”da “Şonar”, “Natəvan”da “Qasım bəy Zakir” kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.
Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış edib. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edib.
2005-ci ildə “Azərbaycan Xalq artisti” fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.
Aytac Qasımova