Plastik əməliyyatlardan sonra üz cizgilərində kəskin dəyişikliklər olarsa, şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Vəsiqəni almaq üçün ASAN xidmətə yaxınlaşdıqda estetik sənədlər və eyniləşdirmə aparmaq tələb olunur.
Bir neçə il öncə Çində məktəblilərin rəsmi tətilindən istifadə edən üç yaxın dost Cənubi Koreyaya plastik əməliyyat etdirməyə gediblər. Çənə və burun əməliyyatlarından sonra simaları tam dəyişildiyi üçün ölkələrinə qayıdarkən hava limanından təyyarəyə buraxılmayıblar. Üz cizgiləri ilə pasportlarındakı şəkilləri uyğun olmadığı üçün polis tərəfindən sorğuya alınıblar. Bu xəbər bir müddət dünya mediasında geniş yayılmışdı.
Ölkəmizdə də estetik əməliyyatlar çiçəklənmə dövrünü yaşayır desək, yanılmarıq. Hətta son zamanlar sosial şəbəkələri göz rənglərini dəyişdirən pasiyentlərin şəkilləri bəzəyir. Maraqlıdır, estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqələri və xarici pasportlar dəyişdirilməlidirmi?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Pasport nəzarətində problemlər yaşayırlar
Kosmetoloq Sahra Səmədzadə qəzetimizə açıqlamasında bildirdi ki, belə əngəllə nəinki pasiyentləri, özü də qarşılaşıb: “Mən də burun əməliyyatımdan sonra xarici ölkələrə getdikdə pasport nəzarətində problem yaşayırdım. Məhz bu səbəbdən pasportumu dəyişdirdim”.
Kosmetoloq düşünür ki, estetik prosedurlar pasiyentlərin simalarında ciddi dəyişikliklərə səbəb olduğu üçün onlar əməliyyatdan sonra pasportlarını dəyişdirməlidirlər: “Bizə insanlar əsasən, burun korreksiyası, dodaq dolğusu, “full face”, üzdə yorğun yanaq sindromunun aradan qaldırılması üçün müraciət edirlər. Bu proseduralardan sonra pasiyentlərin üz quruluşunda müsbət mənada ciddi dəyişikliklər olur. Onlar xarici ölkələrə getdikdə pasport nəzarətində problemlər yaşayırlar. Çünki bu cür kosmetoloji prosedurların icrasından sonra real görüntüləri ilə pasport şəkilləri arasında ciddi uyğunsuzluqlar yaranır. Əsasən, burun əməliyyatı və kosmetoloji prosedurdan sonra pasiyentlərim pasportlarını dəyişdirmək üçün müraciət edirlər. Hazırda aktual olan əməliyyat göz rənginin dəyişdirilməsidir. Düşünürəm ki, bu prosedurdan sonra da pasport mütləq dəyişidirilməlidir”.
Bəs qanunvercilik nə deyir?
Hüquqşünas Sabir Qəniyev deyir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) maşınla oxunan sənədlərə, o cümlədən pasportlara dair tələbləri tənzimləyən ICAO Doc 9303 sənədini hazırlayıb. Bu, vətəndaşların sərhədləri keçərkən təhlükəsizliyini və identifikasiyasını təmin etmək üçün ölkələrin riayət etməyə borclu olduğu əsas beynəlxalq standartlardır: “Beynəlxalq təcrübədə plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əməliyyatlardan sonra sənədlərin yenilənməsi, şəxsiyyətin müəyyənləşdirilməsində bu standartlar əsas götürülür. Standartlar çərçivəsində əsas diqqət biometrik məlumatlara – üz şəkli, barmaq izləri və sənəd sahibinin identifikasiyası üçün istifadə olunan digər mümkün biometrik parametrlərə yönəlib”.
Pasport ICAO tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir
Hüquqşünas bildirir ki, bir şəxs xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişdirdikdə, ölkələr ICAO tövsiyələrinə uyğun olaraq pasportun yenilənməsini tələb edir ki, yeni məlumatlar şəxsin xarici görünüşünü əks etdirsin: “Lakin bununla belə, ICAO standartlarında xarici görünüş dəyişildikdə pasportun mütləq dəyişdirilməli olduğu birbaşa qeyd olunmur. Əgər şəxsin xarici görünüşü plastik əməliyyat və ya göz rənginin dəyişdirilməsi nəticəsində dəyişirsə və onu əvvəlki fotoşəkildən tanımaq mümkün deyilsə, pasport ICAO tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir. ICAO-nun tövsiyələrinə əsasən, pasportun etibarlılıq müddəti adətən 5-10 ildir, lakin xarici görünüşdə əhəmiyyətli dəyişikliklər olduqda sənədlər müddətin bitməsinə qədər yenilənməlidir. Bu, xarici görünüşdəki dəyişikliklərin vizual identifikasiyanı və üztanıma sistemlərinin işini çətinləşdirməsi ilə bağlıdır”.
Bununla bağlı birbaşa tələb yoxdur
Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsi qaydalarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, bu qaydaları Prezidentin müvafiq fərmanı müəyyən edir. Lakin Azərbaycanda da xarici görünüş dəyişdirildikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur: “Bu Əsasnamə İCAO-nun tələblərinə uyğun tənzimlənir. Azərbaycan, ICAO-nun üzv dövləti kimi, bu tövsiyələrin yerinə yetirilməsinə ciddi nəzarət edir ki, pasportların təhlükəsizlik və identifikasiya tələblərinə uyğunluğu təmin olunsun”.
Bu hal səyahətini mürəkkəbləşdirə bilər
Azərbaycanın milli qanunvericiliyində isə şəxsin xarici görünüşündəki dəyişikliklər identifikasiyanı çətinləşdirəndə pasportun yenilənməsi tələb edilir: “Bu, plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əhəmiyyətli dəyişiklikləri əhatə edir. Əgər şəxsin üz quruluşu dəyişibsə və onu pasportdakı fotoşəkildən tanımaq çətindirsə, pasport dəyişdirilməlidir. Bu qayda ICAO standartlarına riayət etməkdən irəli gəlir, çünki dəqiq vizual identifikasiya sərhədlərdə təhlükəsizliyin təmin edilməsinin əsas elementidir. Həmçinin şəxs xarici görünüşündəki dəyişiklikləri əks etdirməyən pasportunu vaxtında yeniləmədikdə, səyahət zamanı müxtəlif çətinliklərlə üz-üzə gəlmə ehtimalları artır. Bu çətinliklər sərhəd keçidində və ya rəsmi yoxlamalarda şəxsiyyətin dəqiq müəyyənləşdirilməməsi ilə bağlı problemləri əhatə edə bilər. Belə hallarda sərhəd mühafizəçiləri və ya digər müvafiq orqanlar əlavə sənədlər və ya təsdiq tələb edə bilər ki, bu da səyahəti daha da mürəkkəbləşdirir”.
DİN-dən açıqlama: “Mütləqdir”
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev “Kaspi” qəzetinə bildirdi ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.
DİN yanında Baş pasport, Qeydiyyat və Miqrasiya idarəsindən isə mətbuata bildirilib ki, plastik əməliyyatlardan sonra üz cizgilərində kəskin dəyişikliklər olarsa, şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Vəsiqəni almaq üçün ASAN xidmətə yaxınlaşdıqda estetik sənədlər və eyniləşdirmə aparmaq tələb olunur. Həmin şəxsin yaxın qohumları çağırılır və aktlaşdırma aparılır.