Əgər hansısa xroniki xəstəliyiniz varsa, mineral sulardan yerli-yersiz istifadə o xəstəliyi kəskinləşdirə bilər. Ona görə də, əgər mineral suyu müalicə məqsədilə qəbul edirsinizsə, öncə həkim məsləhəti almaq vacibdir.
Mineral suların faydaları illərdir müzakirə olunur. Müalicəvi süfrə suları tərkibindəki zəngin minerallar sayəsində ölkəmizdə də müxtəlif sağlamlıq problemlərinin həllində geniş istifadə edilir. Nəinki müalicə, mağazaların piştaxtalarını bəzəyən həm yerli, həm də xaricdən gətirilən müalicəvi sulardan son vaxtlar adi su kimi istifadə edənlərin sayı artıb.
Bəs sağlamlığa faydaları ilə tanınan bu suların xüsusi içilmə qaydası varmı? Həkim məsləhəti olmadan bu suların qəbulu insan orqanizmində hansı fəsadları yarada bilər?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Duzun miqdarı çoxdur
Bu sular növündən və tərkibindəki mineral duzların miqdarına, müxtəlif elementlərin (yоd, brоm və s.), qazların (karbоn, kükürd, radоn) оlmasına görə insan orqanizminə müəyyən fizioloji təsir göstərir. Məhz bu səbəbdən müalicəvi vasitə kimi tətbiq edilir. Araşdırmalara görə, mineral suların tərkibindəki mineral duzların miqdarı adi içməli sudakından qat-qat çоxdur. Ən aşağı hədd bir litr suda bir qram, ən yuxarı hədd isə bir litrdə əlli qramdır. Buna baxmayaraq, təbiətdə tərkibində bir qramdan az mineral duz оlan sular (hipоtexniki sular) da vardır və bu sular müəyyən dərəcədə orqanizmə müalicəvi təsir göstərir. Tərkibində əlli qramdan çox mineral duz оlan sular məhlul (duzluqlu) adlanır. Mineral suya həddindən artıq durulaşdırılmış duz məhlulu kimi baxmaq оlar. Burada duz mоlekulları iоnlara parçalanmış оlur. Оna görə də mineral suların tərkibində duz yоx, müsbət yüklənmiş katiоnlar və оnlara bərabər miqdarda mənfi yüklənmiş aniоnlar оlur.
Əgər xroniki xəstəliyin varsa…
Qastroenteroloq Gülnarə Həmidova “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, mineral suların qəbulundan öncə insanın hansı xəstəliyinin olub-olmaması araşdırılmalıdır: “Xəstə hər hansı problemlə bağlı həkimə yaxınlaşdıqda, ümumi müalicədən öncə çek-ap müayinədən keçir. Analizləri dəyərləndirdikdən sonra həkimlər mineral suları içməyi tövsiyə edirlər. Əgər hansısa xroniki xəstəliyin varsa, mineral sulardan yerli-yersiz istifadə o xəstəliyi kəskinləşdirə bilər. Ona görə də əgər mineral suları müalicə məqsədilə qəbul edirsinizsə, öncə həkim məsləhəti almaq vacibdir. Bu suların tərkibindəki mineralların yüksək konsentrasiyası, xüsusilə uzun müddət ərzində nəzarətsiz istifadə edildikdə, bədən üçün ciddi problemlər yarada bilər. Böyrək funksiyalarının pozulmasından, ürək-damar sisteminə qədər müxtəlif sağlamlıq riskləri ilə qarşılaşmaq mümkündür”.
İki stəkandan artıq içmək tövsiyə olunmur
Qəbul qaydalarına gəldikdə isə, həkim vurğulayır ki, mineral suyun qəbulu 14 gündən artıq tövsiyə olunmur: “Yəni, 14 gün içdikdən sonra fasilə vermək lazımdır. Gündə iki stəkandan artıq içmək tövsiyə olunmur. İki həftə içdikdən sonra bir ay fasilə vermək lazımdır. Ən əsası, yeməkdən öncə içmək daha faydalıdır. Müalicəvi sular mütləq şəkildə qaydalara uyğun tükətilməlidir”.
Bu suyun həddindən artıq istifadəsi…
Türkiyəli uzman-diyetoloq Esra Koçak mineral suların faydaları və zərərləri ilə bağlı araşdırma aparıb. O da təsdiqləyir ki, mineral suların sağlamlığa olan faydaları uzun illərdir tanınsa da, onların həddindən artıq və ya yanlış istifadəsi ciddi fəsadlar yaradır: “Müalicəvi sular bədənə faydalı təsir göstərsə də, onlardan mütəmadi olaraq hər gün istifadə orqanizmdə mənfi hallara yol açır. Xüsusilə böyrək problemləri, yüksək təzyiq və həzm sistemi ilə bağlı narahatlıqları olan insanlar bu sulardan istifadə edərkən diqqətli olmalıdırlar. Müalicəvi suların tərkibində müəyyən minerallar və qazlar mövcuddur ki, bunlar müəyyən bir normada qəbul edilməlidir. Həkimlərin məsləhəti olmadan bu suyun həddindən artıq istifadəsi balansın pozulmasına, metabolik problemlərə və ya həzm sistemində narahatlıqlara səbəb ola bilər”.
Mineral su seçərkən nələrə diqqət edilməlidir?
Uzman vurğulayır ki, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri olan insanlar üçün yüksək minerallı su əks-göstərişdir: “Hər bir müalicəvi suyun özünəməxsus tərkibi və təsir sahəsi var. Ona görə də müalicəvi su alarkən, onun tərkibini və nə üçün istifadə edildiyini bilmək vacibdir. Müalicəvi sular maqnezium, kalsium, natrium, kalium və digər minerallarla zəngindir. Hər bir mineralın bədənə fərqli təsiri var. Məsələn, kalsium sümüklərin sağlamlığı və sinir sisteminin düzgün işləməsi, maqnezium əzələlərin fəaliyyəti və stressin azaldılması üçün faydalıdır. Natrium bədəndəki maye balansını tənzimləyir, amma çox istifadəsi yüksək təzyiqə səbəb ola bilər. Kalium hüceyrə funksiyalarını dəstəkləyir, ürək fəaliyyətinə təsir edir. Suyun etiketində tərkibindəki mineralların miqdarı göstərilir. Məsələn, ürək-damar sistemi ilə bağlı problemləriniz varsa, natrium və ya maqnezium tərkibli suların istifadəsi diqqətli aparılmalıdır. Həddindən artıq natrium qəbulu sümük əriməsi riskini yarada bilər. Eyni zamanda yüksək təzyiq, böyrək xəstəlikləri və mədə xorası kimi xəstəliklərin yaranmasına zəmin yarada bilər. Mineral su seçərkən natrium az, kalsium və maqnezium miqdarı yüksək olanlara üstünlük verilməlidir”.
Məlumat üçün bildirək ki, Amerika Piylənmə Assosiasiyası gündəlik 600 ml. mineral su istehlakını tövsiyə edir. Əgər qədərində və düzgün istifadə edilərsə, insan sağlamlığına faydalıdır.