“Yerli azərbaycanlılar Gürcüstanda keçirilmiş parlament seçkisində hakim “Gürcü Arzusu” partiyasının qələbəsində böyük pay sahibi olub ki, bu da Gürcüstan hökumətinin gələcəkdə onların sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə daha diqqətli olmasını tələb edir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.
“Gürcüstan xalqı sabitliyə, əmin-amanlığa, milli-mənəvi dəyərlərin qorunmasının davam etdirilməsinə səs verdi, dəyərlərə zidd təbliğatı qəbul etməməklə öz səslərini suveren, müstəqil, Gürcüstan siyasətinin davamına verdilər”, – o söyləyib.
Milli QHT Forumunun sədri bu seçkinin nəticəsinin təəccüblü olmadığına diqqət çəkib:
“Bu seçkinin nəticələri bizim üçün təəccüblü olmadı. Bir neçə gün əvvəl Tbilisidə Gürcüstan QHT-ləri ilə birgə ictimai iştirakçılıqda QHT-lərin roluna dair mövzuda baş tutmuş konfransda fikir mübadiləmiz olmuşdu. O görüşdə də QHT-lərin seçkidə mühüm rol oynayacağına, onların Gürcüstanın müstəqilliyinə səs verəcəyini görürdük”.
“Eyni zamanda, bunu da qeyd etməliyəm ki, bir sıra Qərb ölkələrinin təzyiqinə baxmayaraq, Gürcüstan xalq başa düşdü ki, gələcəkdə region ölkələri ilə əməkdaşlıq, xüsusilə Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, bölgədə sabitliyin qorunması istiqamətində Gürcüstan dövləti öz fəaliyyətini davam etdirməlidir. Qərb ölkələri Gürcüstanda çaxnaşma yaratmağa, region ölkələrinin həmrəyliyini pozmağa çalışsa da, xalq öz seçimini etdi”, – o vurğulayıb.
Ramil İsgəndərli bildirib ki, “seçkiqabağı yerli azərbaycanlılara yönələn pozucu çağırışlara baxmayaraq, onlar hakim partiyanın – “Gürcü Arzusu”nun qələbəsinə, onun Tbilisinin Bakı ilə sıx münasibətlərinin davam etdirilməsinə səs verdilər”.
“Bu da Gürcüstan hökumətinin azərbaycanlıların sosial-iqtisadi məsələləri ilə bağlı daha diqqətli olmağa, onların problemlərinə xüsusi diqqətlə yanaşmasına dəlalət edəcək”, – o vurğulayıb.