Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub.
Oxu.Az xəbər verir ki, nəticədə axşam saatlarında nəqliyyatın hərəkəti çətinləşib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar havaların yağıntılı keçməsi ilə əlaqədar sözügedən ərazidə iri qaya parçalarının sürüşməsi müşahidə olunub:
“Hadisə bu gün saat 16:00 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Ərazidə dislokasiya üzrə xidmət aparan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda yolda təhlükənin aradan qaldırılması üçün işlər gedir”.
M.Ağayev onu da vurğulayıb ki, Dövlət Yol Polisinin əməkdaşları ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Hazırda hər hansı bir təhlükə gözlənilmir.