Bir neçə vəzifəli şəxs həbs olundu: 147 milyon manat ölkəyə qaytarılmayıb

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediliblər. Onlar ixracdan əldə etdikləri 147 milyon manatı ölkəyə qaytarmayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə – “Local Garden” və “Organik Lojistik” MMC-lər tərəfindən ümumilikdə 59,9 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 101,9 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə Ramil Rafiq oğlu Xələfov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona ittiham elan olunub və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə – sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Tamerlan Arif oğlu Baqişev tərəfindən ümumilikdə dörd milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə yeddi milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona ittiham elan olunub və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 32.4,308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadətə təhrik etmə) maddələri ilə başlanmış cinayət işi üzrə – sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Elgiz Xanoğlan oğlu Hacıyev tərəfindən ümumilikdə dörd milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə yeddi milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona ittiham elan olunub və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri, Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə – “Katelen Qrup”, “Boqra-2021”, “Harris-SS” MMC, “Konte TT” və “SS-Promo Group” MMC-lər tərəfindən ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Zeynalov Fariz Əbülfət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona ittiham elan olunub və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə, Bakı şəhəri, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə – “Altuntel-S” MMC tərəfindən ümumilikdə 193 min ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 329 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Mirsalam Mirəziz oğlu Seyidov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, qeyd edilən maddələrlə ona ittiham elan olunub və barəsində hazırda məhkəmə baxışında olan başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More