Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sahil korpusunun tələbləri təhsil ocağının şəraitsizliyindən şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Tələbələr universitetdə işıqların yanmaması, bəzi otaqlardan suyun damması və sanitar qovşaqların bərbad vəziyyətdə olduğunu iddia ediblər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) sorğu ünvanladıq.
Universitetin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əsas tədris binasının sanitar qovşağında çəkildiyi bildirilən videogörüntü yeni deyil və çəkilmiş kadrlar cari dövrü əks etdirmir.
“Videogörüntülər bir müddət öncə universitetin sanitar qovşaqlarında aparılan cari təmir işləri zamanı qeydə alınıb. Hazırda sanitar qovşaqlarda təmir işləri yekunlaşıb və real vəziyyəti əks etdirən görüntüləri təqdim edirik.
Tədris binasında işıqlandırmanın olmaması və auditoriyalara suyun damması ilə bağlı qeyd edilən iddiaların isə heç bir əsası yoxdur. Hazırda əsas tədris binasının infrastrukturunda tələbələrin tam təhlükəsiz və rahat mühitdə təhsil almaları üçün maneə törədəcək heç bir problem mövcud deyil”, – deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova