“Azərbaycan bayrağını dünya çempionatında dalğalandırmağın qürurunu sözlə ifadə etmək çətindir. Onu yalnız yaşayan bilər”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) deyib.
Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya növləri üzrə dünya çempionatında qalib gələn idmançımız Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən yarışdan əvvəl qələbəyə inanmağın həlledici olduğunu bildirib:
“İşin yarısı inanmaqdır. Çempion olacağıma inanırdım. Amma ilk dəfə beynəlxalq arenada 63 kiloqramda mübarizə aparırdım və bunun dünya çempionatına təsadüf etməsi mənim üçün çətin sınaq idi. Ağır görüşlər olacağını bilirdim, lakin özümü tam hazır hiss edirdim. Nə qədər çətin olsa da, zəhmətimiz yerdə qalmadı. Avropa çempionatında olimpiya çəkisi olan 60 kiloqramda qalib gəldim. Builki hədəfim Olimpiya Oyunlarında iştirak etmək idi, amma qismət olmadı. Əvəzində dünya çempionu oldum. Mənim əsas çəkim 60 kiloqramdır. Gələn il yenidən öz çəkimə qayıdacağam”.
Qeyd edək ki, Nihat Məmmədli dünya çempionatının finalında qazaxıstanlı Yerjet Jarlikassini 6:1 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Anar Həsənov