Şirvan Apellyasiya Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısının birinci müavini olmuş Tacəddin Novruzov və RİH Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin eks-müdiri Natiq Kərimovun barəsindəki qərardan ailə üzvləri tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Belə ki, məhkəmənin hökmü ilə Tacəddin Novruzovun mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinin və Natiq Kərimovun mülkiyyətində olan 41.5 kv.m qeyri-yaşayış binasının ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülüb və həmin əmlakların ½ hissəsinin müsadirə olunması ilə bağlı müddəalar hökmdən xaric olunub. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, RİH-in sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum ediliblər. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub. Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.
Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Ali Məhkəmə isə Ceyhun Cəfərovun cəzasını 4 il 6 aya endirib. Bir neçə gün əvvəl isə məhkəmənin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.