Makron antirekordunu təzələməyə davam edir

Politologiya elmində siyasi elitaya dair müəyyən tələblər var. Bunlardan başlıcası kütləni öz arxasınca aparmağı, vətəndaşları inandırmağı bacarmaq, ölkənin beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət etməkdir. Amma bu gün bəzi ölkə liderləri bunu bacarmırlar. Məsələn, Fransa prezidenti Emmanuel Makron. Onun reytinqi getdikcə azalır.

“Verian-Epoka” şirkətinin “Figaro Magazine” nəşri üçün apardığı araşdırmada göstərilib ki, E.Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.

Araşdırmanın nəticələrinə əsasən, Fransa prezidentinin populyarlığı daha 5 faiz bəndi azalaraq 17 faizə enib ki, bu da Makronun 2017-ci ildə dövlət başçısı seçilməsindən bəri ən aşağı dəstək səviyyəsidir.

“Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər”, – deyə araşdırmada bildirilir. Qeyd olunur ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır.

Xatırladaq ki, bu ilin sentyabrında fransızların Emmanuel Makrona inam reytinqi üç bənd – 22%-ə qədər aşağı düşüb.

Məsələ ondan ibarətdir ki, Fransanın daxili və xarici siyasəti heç də qənaətbəxş səviyyədə deyil. Ölkənin xarici siyasət kursunun əsas istiqamətini müstəmləkəçilik təşkil edir. Yelisey sarayı özünü orta əsr dövlətləri kimi aparır, güc siyasətini tətbiq edərək kolonialist meyillərini gücləndirir. Bu isə bugünkü dünya üçün keçərli deyil.

Müşahidə və təhlillər onu deməyə əsas verir ki, rəsmi Parisin müxtəlif bölgələrdə, o cümlədən Cənubi Qafqazdakı siyasəti tamamilə destruktiv mahiyyət daşıyır, heç bir halda sülhə töhfə vermir. Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə bölgəyə müdaxilə etmək siyasətini digər regionlarda da davam etdirir. Bu isə bumeranq effekti verir. Çünki E.Makron ölkənin daxili işləri ilə məşğul olmur. Dövlət büdcəsini fərqli ölkələrin silahlandırılmasına ayırır. Əlbəttə, yerli xalq bunu anlayır və başa düşür ki, E.Makronla yola davam etmək olmaz.

Daxili siyasətə gəldikdə isə bildirməliyik ki, demokratiya pərdəsi altında fərqli dövlətlərə dərs keçmək niyyətində olan Fransanın özündə insan hüquq və azadlıqları aşkar şəkildə pozulur. İrqi, dini ayrı-seçkilik faktlarının, həmçinin polis zorakılıqlarının sayı-hesabı yoxdur.

Müxtəlif beynəlxalq hesabatlar da Fransa daxilindəki vəziyyətin acınacaqlı olduğunu göstərir. Belə ki, ölkədə miqrantların və cinsi azlıqların hüquqları məhdudlaşdırılır. Bu hesabatlara əsasən, Fransa irqi ayrı-seçkilik sistemli ölkə olaraq qalır.

Maraqlıdır ki, ölkədəki durumun qeyr-sabit olduğunu Fransanın rəsmi dairələri də etiraf edir. Belə ki, Daxili İşlər Nazirliyinin 2023-cü ilin martında dərc etdiyi hesabatda göstərilib ki, 2022-ci ildə 12.6 min cinayət qeydə alınıb. Onların 6.6 mini dini, irqi və etnik zəmindədir. Araşdırmalar göstərir ki, Fransada cinayətlərin əksəriyyəti dini zəmində törədilib.

Həmçinin qeyd edilib ki, Fransa cəmiyyətinin ciddi problemlərindən biri də antisemitizmdir. İslamofob meyillər də getdikcə güclənir. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təkcə 2022-ci ildə 188 islamofob hərəkət qeydə alınıb.

Son illərdə fiziki hücumların sayı isə 36% artıb. Ancaq cəmi 24% hallarda qanunu pozan şəxslər məsuliyyətə cəlb ediliblər.

Bu, həm də Fransa hakimiyyətinin öz cəmiyyətinə etinasızlığını göstərir.

Maraqlıdır ki, bütün bunlar Makronun hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, o, 2017-ci ildə hakimiyyətə gəlib. Elə bundan sonra da həm ölkə daxilində, həm də xarici siyasətdə ciddi fiaskolar müşahidə olunur. Bunun ən bariz nümunələrindən biri də odur ki, 2019-cu ildə ölkədə 200-ə qədər jurnalistə qarşı müxtəlif ayrı-seçkilik halları, həmçinin fiziki zorakılıq tətbiq olunur. Bu məsələni əslində xüsusi qeyd etmək lazımdır. Belə ki, azad media bütün dünyada demokratiyanın əsas xüsusiyyətlərindən biri kimi təqdim olunur. Yelisey sarayı isə sözdə demokratiyanı müdafiə etdiyini desə də, əməldə bunu göstərmir, əksinə, demokratik meyillərə qarşı çıxır. Ölkədə hüquq-müdafiəçilərinə qarşı zorakılıq və təzyiq halları da ciddi narahatlıq doğurur.

Bütün bunların məntiqi nəticəsi olaraq ölkədə aksiyalar ara vermir. Əksinə, hakimiyyətə qarşı etirazlar tədricən güclənir.

Ümumiyyətlə, Fransanın hazırkı siyasi kursu, yəni hegemonluq cəhdi müasir beynəlxalq münasibətlər sistemində qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, Fransa zaman-zaman hətta özünün müdafiə etdiyi beynəlxalq hüquqa da qarşı çıxır. Bu isə rəsmi Parisə heç bir halda başucalığı gətirməz.

Beləliklə, Fransada vəziyyət kifayət qədər ağırdır. Rəsmi Paris elə buna görə də digər dövlətlərin, o cümlədən Azərbaycanın uğurlarını qəbul edə bilmir. Fransanın bir çox hallarda Azərbaycanın daxili işlərinə qarışması da bu kontekstdən qiymətləndirilməlidir.

E.Makron baş verənlərdən dərs çıxarmalıdır. Əks halda, o, yaxın gələcəkdə yeni antirekorda imza ata bilər. Bu isə Fransa prezidentinin siyasi hakimiyyətinin sonunu daha da yaxınlaşdıracaq.

“Report” İnformasiya Agentliyi



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More