Bakı Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı Dəmiryol Vağzalında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda bu vağzaldan gün ərzində 27 min sərnişin istifadə edir. Statistikaya əsasən, 2023-cü ildə bu stansiyadan istifadə edən sərnişinlərin sayı 4 702 764 min nəfər olub. 2024-cü ilin on ayında bu rəqəm 4 420 941 nəfər təşkil edib.
Bakı Dəmiryol Vağzalında keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi bir dəqiqədə maksimum 756 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 972 nəfərə yüksəlib.
“Koroğlu” dayanacağında görülmüş işlər nəticəsində isə Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı altı metr uzunluğunda genişləndirilib. Həmçinin, altı ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb. Keçid turniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib.
2019-cu ildə istifadəyə verilmiş “Koroğlu” dayanacağından gün ərzində 5 000 nəfərə yaxın sərnişin istifadə edir. Statistik göstəricilərə əsasən, 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.
Qeyd edək ki, Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib. Bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb.
Anar Həsənov