Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmət Medal oğlu Piriyevin meyitinin qalıqları Göyçay rayonunun Çərəkə kəndinə gətirilib.
“Report”un məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Çərəkə kənd Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, İsmət Medal oğlu Piriyev 1975-ci il yanvarın 8-də Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.