Hindistanlı Aniş Sarkar FİDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində dünyanın ən gənc şahmatçısı olub.
Oxu.Az “Sports Ndtv” portalına istinadən xəbər verir ki, üç yaşlı iti zəka sahibi “Bengal Rapid Rating Open 2024” turnirində debüt edib.
O, U-9 açıq çempionatında 140 iştirakçı arasında 24-cü yeri tutaraq bu nəticəni əldə edib.
Beləliklə, A.Sarkar dünya üzrə 190 000-dən çox aktiv şahmatçı arasında ən gənc reytinqli oyunçu adına sahib çıxıb. Bu statistikada onu banqladeşli Afnan Tayvar Ailan (16 mart 2020-ci il təvəllüdlü, 1 542 reytinq xalı), çilili Santiaqo Alonso Rubio Soto (19 oktyabr 2020-ci il təvəllüdlü, 1 484 reytinq xalı) və vyetnamlı Vu Hao Nhien (9 mart 2019-cu il təvəllüdlü, 1 473 reytinq xalı) izləyirlər.