Qorxu və ümid içində – Yanğın gecəsinin iz buraxan hekayəsi

Emilya Tağıyeva yazır…

Həyat necə dəyişkəndir. İşlərimi bitirdim, günün yorğunluğunu aradan qaldırmaq üçün bir stəkan təzə dəm çayı jurnal masasına qoydum və film izləmək üçün pultu götürdüm. İki-üç günlük xəstə yatağından sonra bu gün özümü yaxşı hiss edirdim və evləri yer-yığışdan, yeməyi bişirdikdən sonra dinclik dolu sakit bir axşama hazırlaşırdım. Amma sən saydığını say… Bircə dəqiqə sonra hər şey dəyişdi – bu aramlığı həyətdəki həyəcanlı səs-küy, dəhlizdəki təlaş əvəzlədi. Sən demə binada yanğın başlayıbmış, biz isə bundan xəbərsiz idik.

Bundan sonra olanlar qorxu və ümid dolu dəqiqələr, həmçinin insanlarımızın dar gündə necə bir yumruq kimi birləşdiyinin hekayəsidir.

Videoda əks olunanlar qapımızdakı müşahidə kamerasının təxminən 40 dəqiqəlik görüntüsünün qısa hissədir. Kadrlardan da aydın olur ki, qonşumuz gəlib bizi yanğınla bağlı xəbərdar edir. Halbuki həmin vaxt onun evi alovlar içində idi. Sonra o geri qayıdır və ailəsini də götürüb mənzilini tərk etmək məcburiyyətində qalır.

Bundan sonra olanları sanki filmdə izləyirdim.

Qorxu və ümid içində – Yanğın gecəsinin iz buraxan hekayəsi


Qorxu və ümid içində – Yanğın gecəsinin iz buraxan hekayəsi


Ayaqqabılarımızı geyinənə qədər dəhliz qaranlığa büründü. Qapını açanda qatı tüstü içəri axın etdi, nəfəs almaq mümkünsüz oldu və biz geri, içəri qayıtmağa məcbur qaldıq. Tez dəsmalları isladıb ağzımıza tutduq, özümüzü hazır hiss edəndə çölə atıldıq və qaranlıqda (telefonun işığı kifayət etmirdi) əl havasına, hisslərimizə güvənərək pilləkənlərdən düşməyə başladıq.

Biz beşinci mərtəbədəydik və bizdən aşağı yaşayış deyil, ancaq pillələrdir. Yuxarı mərtəbədə olanların işi lap çətin idi. Çünki onlar bizdəki kimi bir deyil, bir neçə mərtəbədə yanan mənzillərin qatı tüstüsünün arasından düşməli idilər.

Buna baxmayaraq, burada da şücaət qalib gəldi. Məsələn, qonşumuz Vaqif müəllim əlinin gipsdə olmasına baxmayaraq, koronavirus dövründən ağciyərlərində problem qalan və buna görə qatı tüstüdən halı pisləşən digər qonşumuza da kömək edərək, onun düşməsinə yardımçı oldu, həyatını xilas etdi.

Bu qonşular barədə sadaladıqlarım sadəcə iki nümunədir.

Amma doğurdan da uzaq qohumdan yaxın qonşu yaxşı imiş. Və mən gördüm ki, bu qonşular arasındakı həmin məsafə bəzən təxminən 20 min sakinlik şəhərcik boyda ola bilər. Təsəvvür edin, qapqaranlıq blok, bir yandan da mərtəbələr arasında şüşələr partlayıb başına tökülürdü. İndi burada təsvir edə bilmirəm, amma o təlaşın içində bunun mənzil, yoxsa başqa nəyinsə partlayışı olduğunu ayırd etmək həqiqətən çətin idi və qorxulu görünürdü.

Amma buna baxmayaraq, məhəllədəki gənclər tanımaza-bilməzə bloka girir və bir-bir mərtəbələri gəzərək, yaşlıların, qadınların, uşaqların çıxmasına kömək edirdilər.

Bütün bunlar binaya və bloka quraşdırılan kameralardan aydın görünür.

Amma bir də kameraların çəkmədiyi kadrlar var. Bu, həyətdə başqa bina sakinlərinin bizə yaxınlaşaraq əyin-baş verməsi, evlərinə çağırmaları, isti çay təklif etmələri və s. idi.

Əslində polislər və yanğınsöndürənlər də özlərini tez çatdırdılar. Amma onlar gələnə kimi gənclərin tanımadan hər kəsin köməyinə qaçması, dostluq və həmrəylik yanğına qalib gəldi, faciədən xəsarətsiz ötüşdürdü. Uzaq qohumdan yaxın olan qonşuluq da həmin gecə bizi qorudu, dəstək verdi, gecənin qaranlığında bizə işıq oldu, biz azərbaycanlıların məğrurluğunu, bir-birimizə olan qayğısını bir daha nümayiş elədi.

Artıq o gecənin qorxusu geridə qalıb. Dəhşət dolu anlardan yadımızda qalan və ürəyimizdə iz buraxan isə insanlıq və fədakarlıq oldu.

Qeyd edək ki, bu yanğından bəzi qonşularımızın, məxsusən kamerada görünən şəxsin evi ciddi ziyan görüb, tamamilə yararsız hala düşüb. Ailələrin, xüsusilə uşaqların soyuq qış aylarında yenidən isti ocaqlarında otura bilmələri üçün mənzillərinin təmirə ehtiyacları var. Ümid edirik ki, onlara tezliklə yardım əli uzadan olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More