“ESG dövlət standartı beynəlxalq təcrübələrdən keçmiş sınaqları özündə ehtiva edir. Standart ölçüsündən, növündən asılı olmayaraq, bütün təşkilatlarda dayanıqlı inkişaf, sosial ədalət prinsiplərini özündə daşıyır”.
Oxu.Az xəbər verir ki, bu fikirləri ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə qəbul edilən dövlət standartı ilə bağlı keçirilən brifinqdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov deyib.
O bildirib ki, ESG standartı sistemli yanaşma və performans göstəricilərini müəyyən etmək üçün həllər də göstərəcək:
“Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-30-cu illər üzrə dayanıqlı inkişaf məqsədləri qəbul edilib. Bizim ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülüb. ESG BMT-nin dayanıqlı 17 istiqamətinə çatmaq üçün yol göstərir. Dayanıqlı 17 inkişaf məqsədi ESG-yə tam uyğundur. Bu standart tək maliyyə yox, həm də qeyri-maliyyə istiqamətlərinin nəticələrini hesablayır. ESG daha çox KOB-larda tətbiq olunur. Optimallıq baxımından yaxşı örnəkdir. Hesabatların təqdim edilməsində də bu standart mühüm rol oynayır”.
“ESG-də daxili və xarici amillər, layiqli iş mühiti, istehlakçılara olan təsirlər, ictimaiyyətin cəlb edilməsi, məxfilik, sağlamlıq, texniki təhlükəsizlik, insan resurslarının idarə olunması, sosial ədalət və sair prinsiplər əksini tapıb. Hər bir istiqamət üzrə beynəlxalq və Azərbaycanın qəbul etdiyi xüsusi standartlar mövcuddur. Bütün bunlar müəssisə və təşkilatlarda vahid yanaşmanı diktə edir. Bizim şirkətlər bu standartı tətbiq etməklə beynəlxalq səviyyədə rəqabət üstünlüyü əldə edəcəklər”, – baş direktor deyib.
O əlavə edib ki, ESG standartı 70 səhifədən ibarətdir:
“Standartın tətbiqinə şirkətin böyüklüyü, fəaliyyət növü və bir çox aspektlər təsir edir. Burada müəssisə rəhbərindən də çox şey asılıdır. Biz çalışmalıyıq ki, standartın tətbiqi nəticəsində biznes subyekti dəyişikliyi hiss etsin”.
Məhərrəm Əliyev