Moldovada respublikanın hazırkı prezidenti Maya Sandu və ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlonun iştirak etdiyi prezident seçkisinin ikinci turunda səsvermə başa çatıb.
Oxu.Az bu barədə TASS-a istinadən məlumat verir.
Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikada seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə 23:00) bağlanıb.
Qeyd olunur ki, seçki yüksək seçici fəallığı ilə keçirilib. Saat 21:00-a (Bakı vaxtı ilə 23:00) olan məlumata görə, seçici fəallığı 54% (təxminən 1,6 milyon seçici) olub və səsvermənin etibarlı hesab edilməsi üçün zəruri olan 20%-lik hədd keçilib.
Seçkidə ATƏT və bəzi digər təşkilatların nümayəndələri, həmçinin xarici diplomatlar da daxil olmaqla 2 mindən çox müşahidəçi iştirak edib.
Bazar günü Moldovada prezident seçkisinin ikinci turu keçirilir.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, prezidentlik uğrunda PAS (Hərəkət və Həmrəylik) partiyasının dəstəklədiyi hazırkı prezident Maya Sandu və müxalifətdə olan Sosialist Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi irəli sürülmüş keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparır.
Oktyabrın 20-də keçirilən səsvermənin birinci turunda Sandu 42,49% (656 852 seçici), Stoyanoqlo isə 25,95% səs (401 215 seçici) toplayıb.
Səsvermənin birinci turunda seçkidə 1 milyon 562 min 705 seçici iştirak edib ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 51,68 faizini təşkil edir. Birinci turda prezidentliyə 11 namizəd mübarizə aparıb, onlardan dördü səslərin bir faizindən azını toplayıb.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, bu gün səsvermə üçün 2219 seçki məntəqəsi açıq olacaq.