Avtomobil üçün aldığınız mühərrik yağı keyfiyyətlidirmi? Bunu evdə yoxlamağın SADƏ ÜSULLARI

Avtomobil üçün keyfiyyətli mühərrik yağının vacibliyini xatırlatmağa ehtiyac yoxdur. Hər bir sürücü adətən hansı məhsulun öz maşınına uyğun olduğunu bilir. Ancaq bazarlarda saxta yağlar da mövcuddur və onları orijinaldan ayırmaq hətta peşəkarlar üçün çətindir. Bəs yağın keyfiyyətinə şübhə yaranarsa onda nə edilməlidir?

Oxu.Az-ın “Avtovzqlyad” nəşrinə istinadən verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Vladimir Kotlyarov bununla bağlı bəzi tövsiyələrini açıqlayıb.

O, yağı mühərrikə tökməzdən əvvəl yoxlamağı məsləhət görüb. Mütəxəssisin sözlərinə görə, mürəkkəb avadanlıq olmadan mühərrik yağının keyfiyyətini dərhal müəyyənləşdirməyə kömək edəcək bir neçə sadə üsul var.

Onlardan bəzilərini açıqlayırıq:

Vizual qiymətləndirmə

“Ən əsas metod vizual qiymətləndirmədir. Keyfiyyətli yağ açıq, şəffaf və homogen olmalı, kənar qarışıqlar, topalar və çöküntü olmamalıdır. Bulanıqlıq və ya hissəciklərin olması narahatlıq üçün səbəbdir”, – deyə mütəxəssis bildirib.

Şəffaflıq testi

“Daha bir sınaqdan keçmiş üsullardan biri şəffaflıq testidir. Bunun üçün ağ vərəqə bir damla yağ damızdırıb bir neçə dəqiqə gözləmək lazımdır. Yağ keyfiyyətlidirsə, hissəciksiz şəffaf iz buraxacaq. Bulanıq iz və ya çöküntü qalarsa, bu, çirklənmənin olduğunu göstərir”, – deyə ekspert izah edib.

Şprislə test

Kotlyarov yağın keyfiyyətini laboratoriya olmadan müəyyən etmək çətin olduğunu, lakin şprislə test aparmağın mümkün olduğunu deyib.

“Onu yağla doldurun və düz səthə sıxın. Keyfiyyətli yağ bərabər şəkildə və qabarcıqsız axmalıdır. Yağ fasilələrlə və ya qatı damcılarla çıxırsa, bu onun aşağı keyfiyyətli olduğunu göstərə bilər”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, internetdə yağın müstəqil yoxlanılması üçün çox məsləhətlər olsa da, onların effektivliyi həmişə təsdiqlənmir:

“İstənilən halda, yanıq qoxusu və ya görünən çöküntüsü olan yağ dəyişdirilməlidir. Artıq mühərrikdə istifadə olunan yağın keyfiyyətinin dəqiq qiymətləndirilməsi üçün ixtisaslaşmış laboratoriyalara müraciət etmək daha yaxşıdır”.

Kotlyarov həmçinin xatırladıb ki, evdə aparılan testlərin nəticələri bir çox amillərdən – damlanın hündürlüyü, yağın temperaturu, kağızın qalınlığı və digər nüanslardan asılı ola bilər.

“Mühərrik yağı alarkən qiymət bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı olduqda diqqətli olmaq lazımdır. Qablaşdırmanı öyrənmək vacibdir – məşhur brendlərin saxtakarlığa qarşı qoruyucu elementləri var. Lakin yağı özünüz yoxlamağı qərara alsanız, yadda saxlayın ki, açılmış kanistri qaytarmaq olmaz. Buna görə də alış zamanı diqqətli olmaq yağı evdə test etmək zərurətindən qaçmağa kömək edəcək” – deyə ekspert sözlərini yekuynlaşdırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More