UEFA-nın təşkil etdiyi yarışlarda keçiriləcək qarşıdakı oyunlar İspaniyada daşqınlar zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsinin oyunları baş tutacaq. Oyunlar çərşənbə axşamından cümə axşamına kimi keçiriləcək.
Xatırladaq ki, oktyabrın 29-da İspaniyada leysan yağışları daşqınlara səbəb olub. Fəlakətdən ən çox zərər çəkənlər Valensiya və Əndəlusiya olub. Təbii fəlakət qurbanlarının sayı 220 nəfərə çatıb. Çoxlu sayda itkin düşmüş şəxs məlumdur. Bundan əvvəl İspaniya hökuməti üç günlük matəm elan edib.