Yeni dövr başlayır: Trampın hakimiyyəti dünyaya, Qafqaza və Azərbaycana necə təsir edəcək?

Respublikaçılar Partiyasından Donald Tramp ABŞ-də prezident seçkisində qələbəsini elan edib. O, seçkinin nəticələrini “ABŞ tarixində əvvəllər görünməmiş siyasi qələbə” adlandırıb. Tramp vəd edib ki, onun hakimiyyəti ABŞ tarixində “qızıl dövr” olacaq.

Trampın siyasi xəttinin demokratlardan bir çox istiqamətlərdə fərqləndiyini nəzərə alsaq, onun hakimiyyəti illərində xeyli dəyişikliyin, fərqli proseslərin şahidi olacağıq. Bəs belə olan halda, Trampın prezidentliyi dövründə dünya, eləcə də Cənubi Qafqaz və xüsusən də Azərbaycan üçün nələr dəyişə bilər?

Oxu.Az mövzunu yerli və xarici ekspertlərə araşdırıb.

Siyasi şərhçi Turab Rzayev bildirib ki, Trampın hakimiyyətdə olduğu dövrdə dünya fərqli istiqamətdə irəliləyəcək:

“Çünki onun Rusiya-Ukrayna müharibəsinə, Çinə, İrana və digər qlobal məsələlərə baxışı tamamilə fərqlidir. Bu baxımdan, onun dövrü Rusiya üçün daha rahat ola bilər, xüsusilə də Ukrayna müharibəsi məsələsində. Çünki Tramp həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərərək müharibəni bitirəcəyinə söz verib. Amma bunu yerinə yetirmək elə də asan olmayacaq. Çünki ABŞ dövləti, sadəcə, prezidentin verdiyi qərarlarla idarə edilmir. Bu istiqamətdə ona müqavimət göstərənlər çox olacaq. Ancaq biz istənilən halda Rusiya-Ukrayna müharibəsinin daha da qızışdırılmamasının şahidi ola bilərik”.

“Digər tərəfdən, Trampın idarəçiliyi İran və Çin üçün daha çətin olacaq. Çünki Tramp İran-İsrail qarşıdurmasında açıq şəkildə həmişə İsrailin tərəfini tutub. Bu baxımdan, münaqişənin intensivləşdiyi bir vaxtda İsrailin dəstəklənəcəyini görəcəyik. Üstəlik, Tramp Tehranla istənilən yaxınlaşmanın tamamilə əleyhinədir. Digər tərəfdən, bu dövrdə ərəb ölkələri ilə də münasibətlər müəyyən qədər sərtləşə bilər. Tramp məcbur edəcək ki, həmin ölkələr silahlanmaya daha çox pul xərcləsin və ABŞ-nin bölgə siyasəti ilə hesablaşsınlar. Trampın əsas hədəfi isə həmişəki kimi, Çin olacaq və Pekin düşmən elan ediləcək. Habelə, Çinə edilən siyasi təzyiqlərlə yanaşı, iqtisadi təzyiqlərin də şahidi ola bilərik. Tramp hesab edir ki, xeyli sayda istehsal müəssisəsi Çindən çıxarılıb ABŞ-yə daşınmalı və Çinin iqtisadi olaraq böyüməsinin qarşısı alınmalıdır”, – deyə şərhçi əlavə edib.

Onun sözlərinə görə, bu dövrdə Avropa İttifaqı (Aİ) ilə də münasibətlər tamamilə pozulacaq:

“Çünki Tramp Aİ-ni ABŞ-nin üzərində əlavə yük hesab edir, düşünür ki, Aİ öz hərbi və digər xərclərini özü ödəməlidir və ABŞ onu qorumağa borclu deyil”.

“Bu dövrdə Türkiyə ilə bağlı da müəyyən mülayimlik müşahidə olunacaq. Düzdür, Pentaqon hərbi məsələdə əsas qərarverici orqan olduğu üçün Tramp PYD terror təşkilatına dəstəyi tam olaraq kəsə bilməyəcək, amma bunun əvəzində Türkiyə ilə münasibətləri yaxşılaşdıra və Ankaraya qarşı silah satışı qadağasını aradan qaldıra bilər. Azərbaycanla münasibətlər isə normallaşacaq. Çünki Demokratlardan fərqli olaraq, Respublikaçılarla ölkəmizin münasibəti daha yaxşı olub. Respublikaçıların həm neft sahəsinə, həm də silah satışına daha yaxın olduğunu, Azərbaycanın da ABŞ ilə əsas əməkdaşlığının hərbi təhlükəsizlik, terrorçuluqla mübarizə və Avropanın enerji təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə alsaq, Bakının Respublikaçılarla münasibətinin hər zaman müsbət məcrada irəlilədiyini görə bilərik. Bu siyasət yenə də davam edəcək. Bir sözlə, Demokratların dünyada apardığı siyasətə tamamilə zidd siyasət görəcəyik”, – analitik fikrini yekunlaşdırıb.

Türkiyəli tarixçi-alim, siyasi şərhçi Mehmet Perinçek isə hesab edir ki, Amerika Birləşmiş Ştatları siyasətinin mühüm məqamlarından biri artıq çoxqütblü dünyanın qurulması və təkqütblü dünyanın sona çatmasıdır:

“ABŞ-nin çoxqütblü dünya prosesini qəbul etdiyi bir dövr başlayıb. Tramp dünyaya nizam vermək və Amerika siyasətini dünya hegemonluğuna xərcləmək əvəzinə, daxili problemlərinə yönəlməyi üstün tutur. Təbii ki, bu strategiyanın dərhal tam mənimsənilməsi mümkün deyil, amma qarşıdakı dövrdə ABŞ artıq reallıqları, yəni çoxqütblü dünyanı qəbul etməyə başlayacaq”.

“Ancaq təbii ki, burada inkişaf etməkdə olan və əzilən ölkələrin alacağı mövqe önəmlidir. İnkişaf etməkdə olan və ABŞ-nin təcavüzkarlığından əziyyət çəkən ölkələr öz dövlətlərini nə qədər möhkəm tutarlarsa, daxildə nə qədər birlik təmin edərlərsə, beynəlxalq arenada NATO-ya alternativ Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatları kimi qurumlarda bir araya gələrlərsə, ABŞ-nin çoxqütblü dünyanı qəbul etmə prosesi sürətlənəcək. Amma “Tramp gəldi, ABŞ artıq təhlükə mənbəyi deyil” kimi bir yanaşma sayıqlığı azaldacaq və bu da Vaşinqtonu növbəti təcavüzlərə təhrik edəcək”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, Qlobal Cənub və inkişaf etməkdə olan ölkələr öz daxili strukturlarını möhkəmləndirdiyi, beynəlxalq ittifaqlarda təmsil olunduğu, milli maraqlarını və regional inkişafı təmin etdikləri zaman dünyada sülhü təmin etmək imkanına da sahib olacaqlar:

“Digər tərəfdən, bütün amerikalılar artıq ABŞ-nin “dünyanın hamisi” rolunda olmasını istəmir, bunun mümkün olmadığını da görürlər. Bu da neoliberal, qlobalçı dairələr üçün, təkcə ABŞ deyil, bütün dünya üçün bir dərs olmalıdır”.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More