Azərbaycanın gənclərdən ibarət milli boks komandasının baş məşqçisi Elbrus Rzayev yetirmələrinin Monteneqroda keçirilmiş dünya birinciliyində finaldakı məğlubiyyətini hakimin haqsız qərarları ilə əlaqələndirib.
Bu barədə yığmanın çalışdırıcısı vətənə qayıtdıqdan sonra “Report”a deyib.
Komandasının nəticələrindən razı qalan baş məşqçi final döyüşlərinin gərgin keçdiyini vurğulayıb:
“Özbəkistanlı idmançılara məğlub oldular. Deməzdim, məğlub oldular. Döyüş eyni səviyyədə keçmişdi. Hakimlərin bizə bir balaca haqsızlığı oldu. Ona görə də gümüş medalla kifayətləndik”.
Xatırladaq ki, Monteneqronun Budva şəhərində gənclər arasında keçirilmiş dünya birinciliyində yüksək nəticə əldə etmiş Azərbaycanın gənc boksçuları ötən gecə vətənə qayıdıblar.