Sərnişinin rahatlığı üçün daha bir addım: “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı

Bu gündən “28 May” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyətə başlayıb.

Oxu.Az xəbər verir ki, Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda bildirilir ki, əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzində bütün işlər yekunlaşıb.

“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb.

Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb ki, bu da NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək. Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib.

Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More