Türkiyənin Kırklareli şəhərinin Lüleburqaz rayonunda yaşayan fermer Azərbaycanın Qarabağ Zəfərini xüsusi şəkildə qeyd etmək istəyib.
Bu barədə Oxu.Az “Anadolu”ya istinadən xəbər verir.
Məlumata görə, Burak Tunçkol adlı fermer traktoruna Türkiyə və Azərbaycan bayraqlarını bərkidib, torpaqda şumla iz qoyaraq təxminən dörd saat ərzində “Qarabağ Azərbaycandır, Qarabağ zəfəri dörd yaşında” sözlərini tarlasına yazıb.
Tunçkol Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu və Qarabağ zəfərinin ildönümünü qeyd etdiyini bildirib.
Tunçkol Qarabağ Zəfəri üçün çox sayda şəhid verildiyini və bunu unutmadığını vurğulayıb.
“Tarlaya yazı yazdığım zaman kotanı torpağa hər batıranda şəhidləri xatırladım. Şəhidlərimizin məkanı cənnət olsun”, – deyə o bildirib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan Prezidentinin sərəncamı ilə bu müharibədə qazanılan qələbə hər il noyabrın 8-də Zəfər Günü kimi qeyd olunur.
Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım