“İsrailin keçən ay hava hücumundan müdafiə obyektlərinə endirdiyi zərbələrdən sonra İranın nüvə obyektləri həmişəkindən daha həssasdır”.
Oxu.Az-ın “The Times of Israel” nəşrinə istinadən xəbərinə görə, bu sözləri İsrailin yeni təyin olunmuş müdafiə naziri İsrael Kats ölkənin Müdafiə Qüvvələri (IDF) Baş Qərargahının Forumu ilə ilk görüşü zamanı deyib.
“Bu gün İran həmişəkindən daha çox nüvə obyektlərinə ziyan vurulması riski altındadır. Ən mühüm məqsədə – İsrail dövləti üzərində asılıb qalan məhvedilmə təhlükəsinin qarşısının alınmasına və aradan qaldırılmasına çatmaq üçün imkan var”, – deyə Kats bildirib.
Xatırladaq ki, İsrail və İran “qana qan, gözə göz, dişə diş” prinsipi əsasında bir-birilərinə raket zərbələri endiriblər və bununla da Yaxın Şərqdə daha genişmiqyaslı müharibə təhlükəsi yaradıblar.
İran bu il iki dəfə birbaşa olaraq İsrail ərazisinə raket zərbələri endirib və bu da İsrailin cavab tədbirləri görməsinə səbəb olub. Oktyabrın 26-da olan sonuncu tədbir zamanı isə raketlər İranın hərbi hədəflərinə dəyib.
Saatlarla davam edən əməliyyat zamanı onlarla İsrail təyyarəsi bütün İran ərazisində strateji hərbi obyektlərə, xüsusilə pilotsuz təyyarələrin və ballistik raketlərin, həmçinin hava hücumundan müdafiə batareyalarının istehsal və buraxılış məntəqələrinə zərbələr endirib, Tehran, Kərəc, İsfahan və Şiraz rayonlarında partlayışlar qeydə alınıb.
İran qisas alacağına söz verib, İsrail isə Tehranı bunu edəcəyi təqdirdə ciddi nəticələrlə hədələyib.