Azərbaycan dünya siyasi arenasında öz mövqelərini möhkəmləndirir.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O qeyd edib ki, Serbiya üçün Bakı ilə enerji sahəsində əməkdaşlıq və qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar son dərəcə vacibdir.
“Dünən axşam mənim yaxın dostum, Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli danışıqlarımız oldu. Bizim üçün qaz dəhlizi, qazın toplanması və sonradan elektrik enerjisi istehsalı üçün Bolqarıstan və Serbiya arasında interkonnektorun olması çox vacibdir”, – deyə Vuçiç bildirib.
O, həmçinin əlavə edib ki, Rusiyanın İranla Azərbaycan vasitəsilə, daha sonra bütün digər ölkələrlə logistik əlaqələri Serbiya üçün çox faydalıdır.
Serbiya lideri “Orta Dəhliz” kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi diqqət ayırıb.
“Mərkəzi Asiya ölkələri arasında Orta Dəhliz bizim üçün böyük əhəmiyyət kəsb edir”, – deyə Vuçiç vurğulayıb.
Serbiya prezidenti son vaxtlar Azərbaycanda müşahidə etdiyi tərəqqiyə heyranlığını ifadə edib.
“Biz Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə davam etmək istərdik”, – deyə Aleksandar Vuçiç yekunlaşdırıb.