“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, ötən həftə böyük sevinc və qürurla 44 günlük qələbəmizin dördüncü ildönümü həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən böyük coşqu ilə qeyd edilib, bu qələbəni bizə qazandıran şəhidlərimizin əbədi ruhu ehtiramla yad olunub. Xarici KİV-də bu qəbildən olan xəbərlər kifayət qədər əksini tapıb.
11 noyabrdan etibarən isə ən vacib beynəlxalq tədbir olan COP29 başlayır. Bu isə o deməkdir ki, bütün dünyanın ürəyi Bakıda döyünəcək. “The Europe Today” xəbər verir ki, Azərbaycanın Zəfər Günü İslamabadda böyük təntənə ilə qeyd olunub.
Oxucuların diqqətinə çatdırılıb ki, tədbirdə Pakistanın federal naziri Riaz Hüseyn Pirzadə, Sindh əyalətinin qubernatoru Kamran Tessori, senator Müşahid Hüseyn Səid və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov iştirak ediblər.
Həmçinin tədbirə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Türkiyə və digər ölkələrin səfirləri də qatılıblar. İordaniyanın “Jordan News” nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycan ekoloji tərəqqiyə nail olmaq üçün davamlı sülh və təhlükəsizliyə şərait yaratmağa çalışır.
Mənbədə “Bakının COP29 konfransına ev sahibliyi etməsi daha yaşıl gələcəyə doğru bir addımdır” sərlövhəli məqalə dərc edilib. Məqalədə Bakının noyabrın 11-dən 22-dək COP29-a ev sahibliyi edəcəyindən, ilin ən böyük beynəlxalq toplantısı olacaq COP29-un minlərlə eksperti, jurnalisti, iqlim fəalını, biznes liderini və QHT nümayəndəsini bir araya gətirəcəyindən, Avropa İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri ilə iqlim problemlərinə qlobal əməkdaşlıq reaksiyalarını təşviq edən müzakirələr aparılacağından bəhs olunub.
Rumıniyanın “Aktual24” xəbər portalı Bakıda keçiriləcək COP29 konfransı haqqında yazıb. Mənbə dünya liderlərinin Azərbaycanda COP29 Sammitində bir araya gələcəklərinə diqqət çəkib.
Məqalədə qeyd edilib ki, bu Sammit iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşməsinə həsr olunub.
Oxuculara o da bildirilib ki, Bakıdakı qərarlar iqlim dəyişikliyinin qarşısını almaq üçün kritik əhəmiyyət kəsb edəcək və hər il bir trilyon dollar maliyyə hədəfi müzakirə olunacaq.
Ətraflı Baku TV-nin süjetində:
Zəfərimizin 4-cü ili beynəlxalq mediada necə müzakirə olundu?