Portuqaliyalı futbolçu, İngiltərənin “Mançester Yunayted” klubunun kapitanı Brunu Fernandeş təyyarədə uçuş zamanı huşunu itirmiş sərnişinə kömək edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat verib.
Məlumata görə, hadisə “EasyJet” şirkətinin Lissabona uçan təyyarəsində baş verib.
Fernandeşin arxasındakı cərgədə əyləşən Susanna Louson adlı qadın jurnalistlərə bildirib ki, dünya futbol ulduzu ayaqyoluna gedərkən dəhlizdə huşunu itirən adamı tutaraq yıxılmasına imkan verməyib, köməyə çağırıb və uçuş bələdçiləri gələnə qədər onu tək qoymayıb.
Britaniyalı qadın əlavə edib ki, sərnişin özünə gəldikdən sonra müstəqil ayağa qalxaraq yerinə qayıda bilib.
Portuqaliyaya endikdən qısa müddət sonra Louson xəstə səyahət yoldaşına kömək etdiyi üçün Fernandeşə təşəkkür edib.
“Etdiyin hərəkət həqiqətən gözəl idi. Ən məzəlisi odur ki, mən və ailəm “Mançester Siti”yə azarkeşlik edirik”, – deyə qadın bildirib.