ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın keçid komandası istefada olan hərbçilərdən ibarət “hərbi şura”nın yaradılması haqqında sərəncam layihəsini nəzərdən keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə sərəncam layihəsi ilə tanış olan “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib.
Məlumata görə, yeni “hərbi şura”ya generalların işlərini araşdırmaq və tutduqları vəzifələrə uyğun olmayanların vəzifələrindən uzaqlaşdırılmasını tövsiyə etmək səlahiyyəti veriləcək.
Bildirilib ki, Tramp sərəncamı təsdiqləsə, o, “lazımi liderlik keyfiyyətlərinə malik olmayan”lar kimi qəbul edilən general və admiralların işdən çıxarılması prosesini sürətləndirə biləcək.
Nəşr qeyd edib ki, Tramp baş komandan kimi istədiyi zabiti işdən çıxara biləcək, lakin onun üzvlərini təyin edəcəyi xarici şura ənənəvi prosedurlardan kənar təmizləmələr apara biləcək.
Sərəncam layihəsində qeyd edilib ki, məqsəd “liderlik qabiliyyətləri, strateji hazırlıq və hərbi məharətlərə sadiqlik” istiqamətində köklənəcək araşdırmanın təşkilindən ibarətdir.
Layihədə məmurların bu standartlara uyğun olduqlarını göstərmək üçün hansı hərəkətləri etməli olduqları isə göstərilməyib.
Həmçinin vurğulanıb ki, yararsız hesab edilənlər 30 gün ərzində hazırkı rütbəsi ilə təqaüdə çıxarılacaqlar.