“2007-ci ildən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransı (COP) sessiyalarında iştirak edirəm. COP29-un tərtibatı daha çox mütəşəkkil və təqdirəlayiqdir”.
Bunu Oxu.Az-a açıqlamasında BMT-nin agentliklər və QHT-lər üzrə məsləhətçisi Visente Paolo Yu deyib.
“Biz danışıqlar nəticəsində uğur qazanacağımıza əmin olduğumuz üçün çox çalışırıq. Bizim həllinə nail olmaq istədiyimiz əsas məsələlərdən biri də budur ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı dəstək olaq, bu istiqamətdə tədbirlərimizi daha yaxşı və daha iddialı şəkildə həyata keçirə bilək. Bunun üçün də bizim işimizə təkan verəcək yeni maliyyə hədəfinə çataq”, – BMT nümayəndəsi qeyd edib.
O hesab edir ki, Azərbaycan bu sahədə əlindən gələni edir:
” Bu, əlbəttə ki, bizim inkişaf yolumuzun dayanıqlı olmasını və inkişaf etmiş ölkələrin öz təbii ehtiyatlarını tükəndirərək, qazıntı yanacaqlarından istifadə etməklə buraxdıqları səhvləri təkrarlamamağımızı təmin etməkdən ibarətdir. Biz inkişaf etməkdə olan ölkələr kimi bu məsələdə daha yaxşı iş görə bilərik. Amma bunun üçün hesab edirəm ki, COP kimi tədbirlərə ehtiyac var. Çünki biz beynəlxalq əməkdaşlığın qaydalarını məhz o zaman müəyyən edə bilərik”.
Mərahim Nəsib